Müasir dövrdə milyonlarla insan ipoteka kreditləri vasitəsilə daşınmaz əmlak sahibinə çevrilir. İpoteka kreditləri yeni həyat standartlarına uyğunlaşmaq, bizneslər üçün ofis, şəxsi planlar üçün torpaq sahəsi satın almaq və digər məqsədlərə xidmət edir. İpoteka krediti daşınmaz əmlakın girovu əsasında təqdim olunan kredit növüdür. Sözügedən kredit məhsulu uzunmüddətli gələcəyi və adi kreditlərlə müqayisədə daha yüksək faiz dərəcələrini əhatə edir. Odur ki ipoteka krediti üzrə müraciət etməzdən əvvəl diqqətli şəkildə hesablamalar aparmaq və planlı şəkildə addımlar atmaq tövsiyə olunur. Bu zaman isə ipoteka kalkulyatoru köməyə çatır.

İpoteka kredit kalkulyatoru nədir?

İpoteka kalkulyator ipoteka kreditləri üzrə hesablamalar aparmağa kömək edən maliyyə alətidir. Borcalan İpoteka və Kredit Zəmanət Fondunun veb saytına daxil olaraq əldə etmək istədiyi daşınmaz əmlakla bağlı ipoteka hesablama işlərini həyata keçirə bilər. Burada ipoteka kredit kalkulyatoru vasitəsilə adi və güzəştli ipoteka kredit şərtləri ilə tanış olmaq mümkündür. Bunun üçün aylıq gəlir məbləğini, ailə üzvlərinin sayını, kredit faizini, kredit müddətini, ilkin ödəniş faizini, nəhayət, doğum tarixləri ilə bağlı məlumatları daxil etmək lazımdır. 

Dövlət ipoteka kredit kalkulyatoru nədir?

Ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara illik 8% faiz dərəcəsi ilə daşınmaz əmlak krediti əldə etmək imkanı yaradır. Dövlət ipoteka krediti üzrə müraciətlər milli valyutada qəbul edilir. Həmçinin sözügedən kredit məhsulundan yalnız Azərbaycan Respublikasının vətəndaşları yararlana bilər. Vətəndaşlar normal şərtlərdə 8 faizli ipoteka kalkulyatoru ilə ipoteka hesablama işləri apardıqda minimal kredit müddəti 36 ay, maksimal kredit müddəti isə 300 ay təşkil edir. Bu zaman ilkin ödəniş ümumi məbləğin minimal 15%-ni əhatə etməlidir. Borcalan maksimal olaraq isə ümumi məbləğin 40%-ni ödəyə bilər. Unutmaq olmaz ki, kreditin son ödəniş tarixi borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır. Məsələn, kredit müqaviləsi bağlanan zamanda borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.

Güzəştli ipoteka kalkulyatoru nədir?

Güzəştli ipoteka krediti kalkulyatoru gənc ailələr, şəhid ailələri, hərbiçilər, olimpiada qalibləri, müəllimlər, jurnalistlər, elmi işçilər və s. kimi əhalinin müəyyən təbəqəsinə tətbiq olunan güzəştli ipoteka kreditləri üzrə hesablamalar aparmağa imkan verir. Güzəştli ipoteka kreditində maksimal illik faiz həddi 4% təşkil edir. Beləliklə, 4 faizli ipoteka kalkulyatoru ilə ipoteka hesablama işləri apardıqda minimal kredit müddəti 36 ay, maksimal kredit müddəti isə 360 ay təşkil edir. Bu zaman borcalan ilkin ödəniş üçün ümumi məbləğin minimum 10%-ni ödəməlidir. Maksimum olaraq isə 40%-ni ödəmək mümkündür.

Qeyd edək ki, hər bir şəxs və ya ailə güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə edə bilər.

Bank ipoteka kredit kalkulyatoru

Ölkəmizdə fəaliyyət göstərən bankların əksəriyyəti müxtəlif güzəştli şərtlərlə əhaliyə daxili ipoteka kreditləri əldə etmək fürsəti yaradır. Banklarda ipoteka krediti faizləri dəyişkən olsa da, demək olar əksər büdcələrə uyğun təkliflər tapmaq mümkündür. Bank ipoteka kredit kalkulyatoru vasitəsilə müvafiq olaraq ipoteka hesablama işləri aparıb, ümumi ödəniləcək kredit məbləğini, kredit faizini və aylıq ödənişləri dəqiqləşdirmək mümkündür. Eyni zamanda, adi və güzəştli dövlət ipoteka kreditlərini bu məhsulun mövcud olduğu banklardan da əldə etmək mümkündür. Bunun üçün müvafiq məhsulu təklif edən banklara ipoteka kredit sifarişi üzrə müraciət etmək kifayətdir. 

Sonluq

İpoteka kredit kalkulyatoru daşınmaz əmlak satın almaq istəyən borcalanların işlərini əhəmiyyətli dərəcədə asanlaşdırır və vaxt itkisinin qarşısını alır. Dövlət ipoteka kreditləribankların ipoteka kreditləri ilə yanaşı, daşınmaz əmlak şirkətlərinin ipoteka kreditlərindən də yararlanmaq mümkündür. Adətən daşınmaz əmlak satışını həyata keçirən şirkətlərin veb saytlarında da ipoteka kalkulyator vasitəsilə hesablamalar aparmaq mümkündür. Daşınmaz əmlak krediti əldə edərkən mütləq şəkildə araşdırmalar etmək, hesablamalar aparmaq, riskləri dəyərləndirmək və planlı şəkildə addımlar atmaq tövsiyə olunur. Ümumilikdə ipoteka kreditləri daşınmaz əmlak sahibi olmaq üçün ən ideal seçimlərdəndir. Maliyyə xərclərinizi və işlərinizi düzgün şəkildə planlaşdıraraq bu məhsuldan yararlanmağınız gələcəyiniz üçün investisiya mənbəyi ola bilər.